Düzgün qidalanma Uşağın
immun sisteminin normal şəkildə olması üçün tam və keyfiyyətli
qidalanmanın əhəmiyyəti böyükdür. Düzgün olmayan, natamam dəyərli və
qeyrirasional qidalanma uşagın immun sisteminə xeyli dərəcədə zərər
verir.
Uşağın qidası tərkibinə görə tam dəyərli
(zülallar, yağlar, karbohidratlar, vitamin və mikroelementlərlə kifayət
qədər zəngin) olmalıdır. Zülalların tərkibində olan amin turşuları immun
sisteminin yuksəlməsinə xeyli dərəcədə müsbət təsir edir. Buna görə də
uşağın qida rasionu kifayət qədər ət, balıq, toyuq, yumurta, süd
məhsulları ilə zəngin olmalıdır. Uşaq orqanizmi üçün yalnız heyvani
zülallar deyil, bitki tərkibli zülallar da (noxud, lobya, paxlalı
bitkilər) vacib hesab edilir. İmmun sistemi zəif olan uşaqlara ən azı
həftədə bir dəfə olmaqla paxlalı bitkilərdən hazırlanmış qidalar vermək
lazımdır.
İmmun sisteminin normal şəkildə fəaliyyət
göstərməsi üçün daha vacib hesab edilən vitaminlər A, C, E, B və D qrupu
vitaminləridir.
Vitamin A-nın mənbəyi hesab edilən qida
maddələri: kök, kahı yarpağı, kələm, balıq yağı, böyrək, qaraciyər,
dəniz balıqlarının qaraciyəri, yumurta sarısı, kərə yağı, qaymaq və s.
A vitamini orqanizm
tərəfindən E və S vitaminləri ilə birlikdə daha yaxşı mənimsənilir. Buna
görə də mütəmadi olaraq uşaqlar üçün bitki yağı (vitamin E) əlavə
edilmiş və üzərinə bir qədər limon şirəsi (vitamin S) sıxılmış kök,
kələm, kahı yarpağı salatları hazırlamaq məsləhət görülür.
Vitamin S – soyuqdəymə ilə
əlaqədar olan xəstəliklərə qarşı mübarizədə orqanizmə kömək edir;
məsələn, KRVX-nin ilkin dövrlərində C vitamininin qəbul edilməsi
orqanizmin sağalmasına, daha ağır formalara keçməməsinə kömək edir. C
vitamininin əsas mənbələri kimi, sitrus meyvələri, itburnu, kələm,
pomidor, qara qarağat, qırmızı istiot və s. qeyd etmək olar.
Vitamin E - orqanizmə
mikroblardan, viruslardan, hətta xərçəng xəstəliyindən qorunmaqda kömək
edir. E vitamini xeyli miqdarda qaraciyər, yumurta sarısı, kahı
yarpaqlarında, günəbaxan, zeytun, qarğıdalı yağlarında, təzə cücərdilmş
buğdada, qarabaşaq (“qreçka”), düyü və digər yarmalarda var.
Vitamin B1. Orqanizmində
bu vitamin çatışmazlığı olan uşaqlar ağlağan, hirsli, dəcəl olur,
tez-tez baş ağrılarından, ümumi zəiflikdən şikayət edirlər. Sinir
sistemi zəif olan uşaqların immun sistemi də zəif olur. Buna görə də
uşaqların qida rasionunda B1 vitamini ilə zəngin olan qida məhsullarının
(“qerkules”, lobya, paxlalı bitkilər, qoz, fındıq, araxis, kartof,
qaraciyər, böyrək) olmasına fikir vermək lazımdır.
Vitamin B2. Bu vitamin
çatışmazlığında da immunitet zəifləyir, müxtəlif mədə və bağırsaq
xəstəlikləri baş verir. Tərkibində vitamin B2–nin olduğu əsas qida
məhsulları: kələm, təzə lobya, alma, qaraciyər, yaşıl noxud, pomidor,
cücərdilmiş buğda, yumurta, süd və süd məhsulları, mal əti. Yadda
saxlamaq lazımdır ki, vitamin B2 işıqdan “qorxur” – süd və süd
məhsulları 2 saat ərzində günəş şüaları altında saxlanılarsa, qıcqıraraq
tərkibində olan B2 vitaminini də itirir.
Vitamin B6 da immun
sisteminin normal fəaliyyəti üçün vacibdir. Bu vitaminə qara çörək, ət,
balıq, yumurta sarısı, süd, qaraciyər, yarmaların tərkibində də rast
gəlinir.
Vitamin B9 (fol turşusu) və B12
– qan hüceyrələrinin əmələ gəlməsi üçün (həmçinin eritrositlərin və
immun sistemi hüceyrələrindən olan limfositlərin) vacibdirlər. Uşaqda
qanazlığı, tez-tez baş verən soyuqlamalar varsa, ona süd, yumurta, soya,
inəyin qaraciyəri və böyrəkləri, ağ və qırmızı turp, şomu, kahı vermək
məsləhətdir.
Vitamin D - qanın normal
laxtalanması, ürək fəaliyyəti, sinir və immun sistemi üçün vacib hesab
olunur. Onun çatışmazlığı zamanı əsasən 1 yaşına qədər uşaqlarda təsadüf
edilən raxit xəstəliyi inkişaf edir. D vitamini çatışmazlığı daha iri
yaşlı uşaqlarda baş vermiş olarsa, onların boy atması ləngiyir,
sümükləri isə daha kövrək olur. D vitamininə yumurta, süd, kərə yağı,
qaraciyər, balıq (xüsusən balıqların qaraciyərində) məhsullarının
tərkibində rast gəlinir. Bundan savayı, bu vitamin günəş şüasının təsiri
altında insanın dərisində də əmələ gəlir. Məhz buna görə uşaqlara günəş
vannalarının qəbul edilməsi xeyirli hesab edilir. Ancaq onu da yadda
saxlayın ki, günəş şüaları altında olmaq nəticəsində dəridə qızartı
əmələ gələndən sonra orada D vitamini istehsalı dayanmış olur.
İmmunitetin normal səviyyədə
saxlanılması üçün bir çox mikroelementlər tələb olunur: kalium, mis,
maqnezium, sink, yod, dəmir, kalsium, selen, germanium.
Kalium - cəfərinin, kartofun, pomidorun,
kələmin, ərik qurusunun, üzümün, qara gavalı qurusunun, xiyarın,
greypfrutun, turpun, paxlalı bitkilərin tərkibində olur.
Maqnezium - cücərdilmiş buğdanın,
cəfərinin, gavalının, balqabağın, kartofun, nanənin, qaraciyərin, qozun
tərkibində insan orqanizmi üçün tələb olunan miqdarda olur.
Mis - südün, cücərdilmiş buğdanın, cəfərinin, göbələklərin, qoz və findığın tərkibində olur.
Sink qida maddələrinin tərkibində çox
təsadüf edilmir. Onun əsas mənbələri üyüdülmüş buğda qalıqları,
günəbaxan tumu, cücərdilmiş buğda hesab olunur.
Yod elementi endokrin və immun sistemin
normal fəaliyyəti üçün vacibdir. Uşaq və yeniyetmələrə böyuklərə
nisbətən daha çox yod tələb olunur. Buna görə də uşaqların qidalarina
çuğundur, tünd rəngli bütün meyvələr, okean balıqları və onların
qaraciyəri, dəniz kələmi, soğan, göbələk, yaşıl noxud, ağ və qırmızı
turp, pomidor, yemiş, xurma kimi müxtəlif meyvə və tərəvəzlər də daxil
edilməlidir. Vaxtaşırı olaraq həkim təyinatı üzrə uşaqlara yod
preparatları (xüsusən onun çatışmazlığı qeyd olunan bölgələrdə) vermək
məsləhət görülür.
Dəmirin miqdarı ət, qaraciyər, alma və xurmanın təkibində daha çox olur.
Kalsium orqanizmə daha çox süd məhsulları
ilə daxil olur (xama, qatıq, qaymaq, asidofilin). Germanium və selen
elementləri dəniz məhsullarının, böyrəklərin, qaraciyərin, cücərdilmiş
buğdanın tərkibində olur.
İnkişafda olan uşaq orqanizminin yaxşı
qidalanması təmin edilsə də, sadalanan bütün bu vitamin və
mikroelementlərlə tam şəkildə təmin etmək çətindir. Xüsusən bu yaz və
payız aylarına daha çox aiddir. Çünki bu zaman həm günəş işığı, həm də
vitamin və mineral maddələrin əsas mənbəyi olan meyvə və tərəvəzlər daha
az olur. Bu zaman uşaqlara hər hansı bir vitamin-mineral kompleksli
preparatların (indi onların sayı çoxdur və həkim-pediatr sizin uşağa
hansının daha çox uyğun olduğunu deyə bilər) verilməsi məsləhət olunur.
Valideynlər onu da bilməlidirlər ki, vitaminlərin müsbət təsirini əldə
etmək üçün onları düzgün qəbul etmək lazımdır. Vitaminlərin qəbulu üçün
əsas qayda – vitamin həbini uşağa səhər yeməyindən 10-30 dəqiqə sonra az
miqdarda su ilə verməkdən ibarətdir. Mikroelementləri (kalsium, dəmir,
yod və s.) isə günorta yeməyindən sonra vermək lazımdır. Vitamin və
mikroelementlərdən ibarət olan kompleksləri uşağa səhər yeməyindən 10-30
dəqiqədən sonra verirlər.
Mənbə: http://saglamolun.az